
Happy Baby
- - Sentyabr 26, 2025
Körpələr Üçün Rahat Geyimlər
Körpələrin dərisi son dərəcə həssas olduğu üçün geyim seçərkən parça keyfiyyəti ön planda olmalıdır. Təbii pambıq parçalar körpənin dərisinin nəfəs almasına imkan verir və tərləmənin qarşısını alır. Ona görə də ilk olaraq seçiminiz pambıq parçalardan hazırlanmış geyimlər olmalıdır. Sintetik qarışıqlardan ibarət materiallar isə qıcıqlanma, qaşınma və allergiyaya səbəb ola bilər. Alış zamanı buna xüsusi diqqət edin! Bundan əlavə, körpə geyimlərində tikişlərin yumşaq və iç tərəfdə minimum səviyyədə olması vacibdir. Bu, dəridə izlərin yaranmasının qarşısını alacaq. Həmçinin hər mövsümə uyğun qalınlıqda parçalar seçmək önəmli addımlardan biridir. Məsələn, yay ayları üçün nazik, nəfəsalan materiallar, qış ayı üçün isə istiliyi saxlayan, amma nəfəs alma qabiliyyətini itirməyən parçalardan hazırlanmış geyimlər ideal hesab edilir. Körpə geyimlərində sadalanan bu məqamları nəzərə alsanız daha doğru seçim etmiş olacaqsınız!
Valideynlər rahat geyim seçimində nələrə diqqət etməlidirlər?
Valideynlər körpələri üçün geyim seçərkən rahatlıqla yanaşı praktikliyə də fikir verməlidirlər. Asan geynilib-soyundurula bilən, düymə və ya zəncirbənd sistemi təhlükəsiz olan modellər gündəlik istifadəni xeyli sadələşdirir. Körpələrin sərbəst hərəkət edə bilməsi üçün geyimlərin nə çox dar, nə də həddən artıq geniş olmamasına diqqət edilməlidir. Rəng seçimi də zövqə görə seçilə bilər. Ancaq nəzərə alsaq ki, geyimlərin boyanmasında müəyyən zərərli maddələr ola bilər, bu zaman seçiminiz daha açıq rəngli parçalar olmalıdır. Açıq rəngli geyimlərin başqa bir üstünlüyü də odur ki, geyim çirklənəndə daha tez bilinir və anında yenisi ilə əvəz edilir ki, bu da gigiyena baxımından ayrıca diqqət edilməli məqamlardan biridir. Valideynlər həmçinin geyimlərin yuyulma təlimatlarına da diqqət etməli və yüksək temperaturda rahat yuyula bilən modellərə üstünlük verməlidirlər. Bu geyimlərin uzun müddətli istifadəsinə və yüksək temperaturda yuyulmadan sonra formasını itirməyəcəyinə təminat verir.